+994(12) 570-09-01 office@socar-petroleum.azen|ru|az
"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması
bizim xalqımızın xoşbəxtliyidir"

Ümummilli Lider Heydər Əliyev

Azərbaycanın ilk sıxılmış təbii qaz stansiyası 4 saat ərzində 300 avtobusu yanacaq ilə təmin edə bilir

Azərbaycandakı ilk sıxılmış təbii qaz stansiyası – STQ (CNG – Compressed Natural Gas) qısamüddətli xüsusi dolum rejimi ilə, yəni 4 saat ərzində 300 avtobusu təxmini 50 min kubmetrə qədər yanacaqla təmin etmək gücünə malikdir. “SOCAR-CNG” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) ilk layihəsi – birinci qaz doldurma kompressor stansiyası “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) məxsus Zığ avtobus parkının yaxınlığında, Zığ-Hövsan ərazisində inşa olunub. Stansiya STQ mühərriki ilə təchiz olunan “BakuBus” MMC-nin istifadəsindəki avtobusları yanacaq ilə fasiləsiz təmin edir.

AZƏRTAC xəbər verir ki, ölkəmizdə yeni yanacaq növü olan sıxılmış təbii qaz – STQ adlandırılan yanacağın istehsalını və satışını həyata keçirmək məqsədilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “SOCAR-CNG” MMC törəmə müəssisəsi yaradılıb. Azərbaycanda sıxılmış təbii qazın istifadəsinin həyata keçirən “SOCAR CNG”-nin yaradılması Prezident İlham Əliyev tərəfindən ölkəmizin iqtisadi yüksəlişinə, xalqımızın rifah halının yaxşılaşdırılmasına layiqli töhfəsidir. İstifadəyə veriləcək digər STQ stansiyaları həm yeni iş yerlərinin yaranmasına, həm də iqtisadi və ekoloji cəhətdən daha sərfəli yanacaq növündən istifadəyə imkan yaradacaq.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev yaxın zamanlarda daha 6 stansiyanın istifadəyə veriləcəyini, gələcəkdə isə həmin stansiyaların sayının artırılaraq ölkə üzrə hər 120 kilometrdən bir quraşdırılacağının nəzərdə tutulduğunu deyib. O bildirib ki, bu stansiyalar həm iqtisadi, həm də ətraf mühitin qorunması və ekoloji baxımdan çox effektlidir.

Zığ STQ Stansiyası 11 min 300 kvadratmetr sahəni əhatə edir və stansiya kompressor hissəsindən, yanacaqdoldurma məntəqəsindən, elektrik yarımstansiyasından, yeraltı su çənindən, qaz boru kəmərindən, qaz tənzimləyici məntəqədən və inzibati binadan ibarətdir. Stansiyanın tikinti-quraşdırma işlərində dünyada mövcud olan ən müasir və təhlükəsiz iş rejiminə malik texnologiyalardan, əsasən də İtaliya, İsveç və Almaniya istehsalı olan avadanlıqlardan istifadə edilib. Avropada ilk dəfə “Birləşmiş Qablar” metodu ilə işləyən texnoloji dizayn Zığ STQ Stansiyasında tətbiq edilib.

STQ təbii qazın yüksək təzyiqdə, yəni 200-250 barda kompressorlarla sıxlaşdırılan halıdır. Sıxılmış təbii qazın tərkibindəki əsas maddələr – metan 75-90 faiz, etan 5-15 faiz, propan 5 faiz, butan 5 faizdir və STQ-nin oktan rəqəmi isə təxmini 120-125-ə bərabərdir. STQ-nin maye qazdan (yəni LPG) fərqi onun soyutma olmadan qaz halında çənə vurulmasıdır.

Qərb ölkələrində müasir texnologiyaların tətbiqi nəticəsində sıxılmış təbii qazın istehsalı, satışı və istifadəsi zamanı təhlükəsizlik yüksək səviyyədədir, bununla yanaşı həmin yanacaq digər yanacaq növlərindən daha ucuz başa gəlir. Dünyada STQ-nin yayılmasının əsas səbəblərindən biri də yanacağın ekoloji baxımdan ənənəvi yanacaqlardan fərqli olaraq zəhərli tullantıların miqdarının daha az olmasıdır. Belə ki, ənənəvi yanacaqlardan fərqli olaraq STQ-nin istifadəsi zamanı dəm qazı (CO) miqdarı 90 faiz, CO2 təxmini 24 faiz daha azdır. STQ-nin tərkibində azot (N) və kükürd (S) olmadığı üçün təhlükəli NO və SO tullantıları olmur və yaxud sıfıra yaxındır.

STQ təyyarə, gəmi, ağır yük avtomobilləri kimi bütün nəqliyyat növlərində istifadə edilə bilər. Dünyada STQ ən çox nəqliyyatda istifadə olunur. Təbii qaz Nəqliyyat Vasitələrinin Beynəlxalq Assosiasiyasının son illər üçün məlumatına görə, təbii qaz istifadə edən nəqliyyat vasitələrinin bazarı iki rəqəm əmsalı ilə artıb. STQ-nin ən çox istifadə edildiyi ölkələrin sırasında İran, Pakistan, Argentina, Braziliya, Çin, Hindistan, İtaliya və digər qərb ölkələri var. Hazırda dünyada təbii qazla işləyən nəqliyyat vasitələri 20 milyona yaxın, doldurma stansiyalarının sayı isə 20 mindən çoxdur.

Bakı, 25 may, Nihat Budaqov, AZƏRTAC

Facebook
Facebook
YouTube
YouTube
Instagram