“SOCAR PETROLEUM”da yanğın-taktiki təlim məşqi keçirildi - Video
“SOCAR PETROLEUM” QSC-nin neft bazası sahəsi ərazisində fövqəladə hallara hazırlıq səviyyəsinin artırılması və əməliyyat çevikliyinin yoxlanılması məqsədilə genişmiqyaslı yanğın-taktiki təlim məşqi təşkil olunub. Real şəraitə maksimum uyğunlaşdırılmış simulyasiya çərçivəsində neft çənlərində baş verə biləcək yanğın riski ssenariləşdirilərək, hadisəyə operativ müdaxilə mexanizmləri sınaqdan keçirilib.
Təlim prosesində “SOCAR PETROLEUM”un SƏTƏMM və keyfiyyətə nəzarət şöbəsinin mütəxəssisləri, müvafiq struktur bölmələrinin əməkdaşları ilə yanaşı, Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri və təcili tibbi yardım briqadaları birgə iştirak ediblər.
Məşqin gedişatında əsas diqqət yanğının söndürülməsi, alovun digər strateji çənlərə keçməsinin qarşısının alınması, işçi heyətinin təhlükəsiz zonaya təxliyəsi və şərti xəsarət alanlara yerindəcə ilkin tibbi yardımın göstərilməsi kimi kritik fəaliyyətlərə yönəldirilib.
Bu təlim məşq toplantısı neft bazası sahəsinin texniki təhlükəsizlik sistemlərinin işləkliyini yoxlamaqla bərabər, müxtəlif dövlət qurumları və daxili bölmələr arasında qarşılıqlı koordinasiyanın gücləndirilməsinə xidmət edir.
“SOCAR PETROLEUM” QSC üçün əməkdaşların təhlükəsizliyinin təmin olunması və ətraf mühitə dəyə biləcək risklərin minimuma endirilməsi korporativ strategiyanın ayrılmaz hissəsidir. Şirkət bu cür praktiki məşqlər vasitəsilə potensial riskli qəzalara qarşı hazırlıq vəziyyətini daim ən yüksək səviyyədə saxlayır.