Yüklənir
“SOCAR PETROLEUM” QSC Azərbaycan ərazisində, “SOCAR” brendi altında, neft və qaz məhsullarının alqı-satqısının təşkil edilməsi və beynəlxalq standartlara uyğun, keyfiyyətli təchizat xidmətinin həyata keçirilməsi məqsədilə 2008-ci ildə təsis edilib.
Şirkətin ilk 3 yanacaqdoldurma məntəqəsi (YDS) 2010-cu il mayın 7-də açılıb. Hazırda ölkəmizdə sayı günbəgün artan YDS-lərin 60-ı “SOCAR PETROLEUM”un payına düşür. Şirkətin 1 Sıxılmış Təbii Qaz Terminalı və 13 neft terminalı bazası da var ki, bu terminalların 11-i regionlarda, 2-si isə Bakıda fəaliyyət göstərir. SOCAR-a məxsus YDS-lərdə satışı həyata keçirilən yanacağın 92%-i yerli istehsal, 8%- i isə idxal hesabına əldə olunur. Başqa sözlə, YDS-lərdə satılan “A-92” və dizel yanacağı Heydər Əliyev adına Neft Emalı Zavodu ndan (NEZ) alınır, “SUPER” və “Premium” markalı yanacaq isə xaricdən idxal olunur.
Qeyd edək ki, SOCAR-ın emal kompleksində istehsal olunan məhsulları Avro-5 standartlarına çatdırmaq məqsədilə Heydər Əliyev adına neft emalı zavodunda (NEZ) aparılan yenidənqurma və modernizasiya işlərinin ilkin mərhələsi üzrə işlər tamamlanmaq üzrədir. Layihənin dizel və benzin istehsalı qurğularının inşası üzrə işlər yekunlaşıb, bir sıra ümumzavod təsərrüfatı qurğuları, texnoloji qurğular istismara verilib. Görülmüş işlər nəticəsində NEZ-də istehsal olunan “Aİ-92” və “Aİ-95” markalı avtomobil benzinləri artıq Avro-5 standartlarına çatdırılıb. Bununla da 2014-cü ildən hazırkı vaxtadək ölkədaxili tələbatı beynəlxalq qiymətlərlə idxal hesabına təmin olunan “Aİ-95” markalı avtomobil benzini daxili istehsal hesabına təmin ediləcəkdir.
“SOCAR PETROLEUM”a məxsus YDS-lərdəki bütün ölçmə vasitələri Azərbaycan Metrologiya İnstitutu tərəfindən dövrü yoxlamadan keçirilir. Yoxlamadan keçən avadanlıqlar müvafiq blomp və qalaqramlarla təmin olunur.Yanacaq növlərinin keyfiyyətinə, mütəmadi olaraq, akkreditasiya olunmuş laboratoriyalar tərəfindən yoxlanılır və uyğunluq sertifikatı ilə təmin edilir. Bundan başqa, SOCAR YDS-lərində yanacağın saxlanılması üçün yeraltı üfüqi və şaquli polad çənləri dövrü olaraq yoxlanılır, həndəsi üsulla dərəcələnmə cədvəlləri ilə təmin edilir və təsdiq olunmuş qrafikə uyğun olaraq, ildə iki dəfə xüsusi qurğular vasitəsilə təmizlənir və bununla bağlı aktlar tərtib olunaraq saxlanılır.
YDS-də satılan yanacağın ekoloji standartlara cavab verməsinə gəlincə, yerli istehsal olan “A-92” – “AVRO-3”, dizel yanacağı “AVRO-4” ekoloji standartlarına, idxal olunan “SUPER” və “Premium” markalı yanacaq isə “AVRO-5” ekoloji standartına uyğundur. Ümumiyyətlə, SOCAR YDS-lərində “A-92” markalı benzin və dizel yanacağına tələbat daha çoxdur. Çünki yük avtomobilləri, taksilər və avtobusların əksəriyyəti bu yanacaq növlərindən istifadə edirlər.
“SUPER” markalı yanacaqla isə əsasən ölkəyə yeni gətirilən, müasir texnologiya ilə istehsal olunmuş minik avtomobilləri işləyir. Bu benzin yüksək ekoloji standartlara uyğun avtomobillərin istifadəsi üçün nəzərdə tutulub. “SUPER” markalı yanacağın hazırlanması zamanı yüksək oktanlı məhsullardan istifadə olunur və buna görə də, o, ekoloji baxımdan təmiz hesab edilir. Son illər Azərbaycana Avropa, Amerika və aponiyadan gətirilən avtomobillər məhz “SUPER” markalı benzinlə işləyir. Ölkəmizin avtomobil parkında müasir avtomobillərin artması ilə bu nəqliyyat vasitələri üçün nəzərədə tutulan yanacağa tələbat yüksəlib. “SOCAR PETROLEUM” müştərilərinə daha əlverişli xidmətlərin göstərilməsi məqsədilə “AVRO-5” ekoloji standartına cavab verən “SUPER” markalı yanacağın satış dairəsini genişləndirir.
“SOCAR PETROLEUM”, həmçinin modul topli YDS-nin istismara verilməsi təcrübəsini də tətbiq edir. Belə ki, Qusar rayonu, Qusar-Laza yolunun 29-cu km-də yerləşən Şahdağ Turizm Mərkəzinin ərazisində “SOCAR” brendli modul tipli YDS istifadəyə verilib. “SOCAR PETROLEUM”un peşəkar mühəndis heyətinin ərsəyə gətirdiyi bu YDS dəniz səviyyəsindən 1 600 metr yüksəklikdə, 1 500 m² -lik ərazidə yerləşir. Qusar ayonunda hərəkət edən sürücülər, eyni zamanda Şahdağ Turizm Mərkəzinə gələn qonaqlar üçün bu YDS olduqca əlverişlidir. İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur İqtisadi rayonlarımızda quruculuq işləri dövründə nəqliyyat vasitələrinin fasiləsiz yanacaqla təmin edilməsi məqsədilə “SOCAR PETROLEUM” QSC Ağdam şəhərində ilk “SOCAR” brendli modul tipli YDS istifadəyə verib. Daha sonra Şuşa, Laçın, Xankəndi, Füzuli şəhərləri, Xocavənd rayonu Hadrut qəsəbəsi və Cəbrayıl rayonu Şükürbəyli kəndi ərazisində də modul tipli YDS-lər fəaliyyətə başlayıb.
Modul tipli məntəqədə 2 yanacaqpaylayıcı kalonka quraşdırılır və “A-92” markalı benzin və “Dizel” tipli yanacaq məhsullarının satışı həyata keçirilir. Bununla da, 2 kiçik və iritutumlu avtonəqliyyat vasitələrinin yanacaqla təmin edilməsi üçün şərait yaranır. Hazırda ölkə ərazisində ümumilikdə 13 sayda modul tipli yanacaqdoldurma stansiyası fəaliyyət göstərir.
“SOCAR PETROLEUM” QSC, YDS şəbəkəsinin inkişaf planına uyğun olaraq, CNG (Sıxılmış Təbii Qaz) məntəqələrinin yaradılmasına xüsusi önəm verir. CNG hazırda sərfiyyat və təhlükəsizlik baxımdan bazarda olan ən əlverişli və ekoloji cəhətdən ən təmiz yanacaqdır. Bunu nəzərə alan SOCAR CNG satışı istiqamətində fəaliyyətini intensivləşdirir. Hazırda YDS-lərdə fəaliyyət göstərən CNG məntəqələrinin sayı 9-a çatdırılıb. Qeyd edək ki, digər yanacaq növlərinə nisbətən təbii qaz azotu 70-90%, karbon monoksidi 60-70%, karbon dioksidi isə 20-30% daha az emissiya edir.
Təbii qazda kükürd olmadığından kükürd oksidləri yaranmır. Bu da, öz növbəsində mühərrikin metal səthlərinin aşınmasının qarşısını alır. Beləliklə, bu yanacağın keyfiyyətləri daxiliyanma mühərriklərinin istismar və yağdəyişmə müddətinin uzadılmasına və yağdəyişmə xərclərinin azaldılmasına imkan verir. 2018-ci ildən etibarən ölkədə təbii qaz hasilatı artan həcmlərlə inkifaş etdiyi üçün gələcəkdə yanacaq bazarında CNG çatışmazlığı gözlənilmir.
“SOCAR PETROLEUM” və “CZAR INTERNATIONAL” şirkətinin birgə layihəsi çərçivəsində “SOCAR” brendli YDS-də elektromobillərin şarj olunması üçün avadanlıqların quraşdırılmasına start verilib. Bu avadanlıqlar ilk olaraq Salyan şosesində, Bibiheybət məscidi yaxınlığında yerləşən SOCAR YDS-də quraşdırılıb. Burada eyni vaxtda iki elektromobil şarj edilə bilər. 20 kvt gücə malik bu şarj avadanlığı vasitəsilə avtomobillər maşının marka və modelindən asılı olaraq, 30-60 dəqiqə ərzində tam şarj olunmaq imkanı əldə edirlər.