+994(12) 570-09-01 office@socar-petroleum.azaz
"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması
bizim xalqımızın xoşbəxtliyidir"

Ümummilli Lider Heydər Əliyev

Nizami rayonunda Şəhid son mənzilə yola salınıb

Cəbhənin Tərtər istiqamətində erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən şəhid olan “N” saylı hərbi hissənin əsgəri, 1993-cü il təvəllüdlü Dadaşov Tural Sabir oğlu Bakı şəhəri Nizami rayonunda aprelin 9-da son mənzilə yola salınıb.
Rayon sakinləri qəhrəman oğlunu böyük qürur və iftixar hissi ilə dəfn etmək üçün küçələrə axışıblar. Gənclər şəhidlərimizin intiqamını almağa, ön cəbhəyə gedib doğma torpaqlarımızı azad edənədək vuruşmağa hazır olduqlarını bildiriblər.
Şəhidin evindən Suraxanı rayonundakı qəbiristanlığa qədər “Şəhidlər ölməz, Vətən bölünməz”, “Yaşasın Qarabağ, yaşasın Azərbaycan!”, “Qarabağ bizimdir, bizim olacaq” kimi şüarlar səsləndirilib.
Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun, Milli Məclisin deputatları Rövnəq Abdullayev və Sədaqət Vəliyevanın, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, ictimaiyyət nümayəndələrinin, rayon sakinlərinin də iştirak etdiyi vida mərasimində çıxış edənlər Silahlı Qüvvələrimizin şəhid olan hərbi qulluqçularına Allahdan rəhmət diləyib, cəbhəboyu mövqelərimizin və yaşayış məntəqələrinin atəşə tutulmasından, düşmənə verilən layiqli cavabdan bəhs ediblər.
Şəhidin atası Dadaşov Sabir övladının Vətən uğrunda şəhid olmasından qürur duyduğunu deyib. Qardaşı və yaxınları Turalı vətənsevər, mərd, cəsur bir gənc kimi tanıdıqlarını bildirib, xatirələrini paylaşıblar.
Şəhidin cənazəsi yüzlərlə rayon sakininin, vətənpərvər gənclərin izdihamlı müşayiəti ilə torpağa tapşırılıb, məzarı üstünə əklil və tər qərənfillər qoyulub. Şəhid əsgər yaylım atəşi altında dəfn edilib. Tabut üzərindəki üçrəngli Azərbaycan bayrağı şəhidin atasına təqdim edilib.

Allah rəhmət eləsin!

Facebook
Facebook
YouTube
YouTube
Instagram