+994(12) 570-09-01 office@socar-petroleum.azen|ru|az
"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması
bizim xalqımızın xoşbəxtliyidir"

Ümummilli Lider Heydər Əliyev

SOCAR-ın idarə və müəssiələrində Xocalı Soyqırımı qurbanları yad edilir

XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar SOCAR-ın idarə və müəssisələrində anım tədbirləri keçirilir. «Azərikimya» İstehsalat Birliyində təşkil olunmuş mərasimdə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində həlak olmuş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Xocalıda baş verənləri terrorizm, etnik təmizləmə və soyqırım aktı adlandıran natiqlər qeyd etmişlər ki, bu vəhşiliklər nəticəsində 613 dinc sakin qətlə yetirilmiş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmişdir. 1275 nəfər əsir götürülərək ağlasığmaz zülmlərə məruz qalmışdır. İtkin düşmüş 150 Xocalı sakininin taleyi isə hələ də məlum deyil. «Azərikimya» İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev Ümummilli lider Heydər Əliyevin ”Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir” – fikrini faciəyə verilən yüksək qiymət kimi dəyərləndirmiş, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində işğal altında olan torpaqlarımızın azad ediləcəyinə əminliyini bildirmişdir. Tədbir iştirakçıları Xocalı faciəsini özündə əks etdirən, respublika məktəblilərinin əl işlərindən ibarət rəsm sərgisi ilə də tanış olmuşlar. Bakı Uşaq Teatrının “Günay” teatr studiyasının üzvləri hazırladıqları ədəbi-bədii kompozisiyanı təqdim etmiş, gənc bədii qiraətçilər kollektivi Xocalı hadisələrinə həsr olunmuş şeirlər söyləmişlər.

Ekologiya İdarəsində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, idarənin rəis müavini Əflatun Həsənov çıxış edərək, bu faciənin Azərbaycan tarixində silinməz iz buraxdığını qeyd etmişdir. Çıxış edənlər Xocalı şəhərini yerlə-yeksan etmiş erməni silahlı birləşmələrinin dinc mülki əhalini kütləvi qırğına məruz qoyduqlarını bildirmişlər. Qeyd olunmuşdur ki, Xocalı soyqırımına dünya ictimaiyyəti tərəfindən hüquqi qiymətin verilməsi ölkəmiz üçün mühüm məsələdir. Natiqlər Xocalı soyqırımı ilə bağlı dövlətimiz tərəfindən uğurlu və məqsədyönlü siyasət həyata keçirildiyini, belə faciələrin gələcəkdə təkrarlanmaması üçün bu cinayətin dünya ictimaiyyətinə çatdırıldığını vurğulamışlar.

Bakı Ali Neft Məktəbində də Xocalı soyqırımının 23-cü il dönümünə həsr olunmuş tədbir keçirilmişdir. Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən rektor Elmar Qasımov bildirmişdir ki, erməni vandalları əsrin əvvəllərindən Quba, Bakı, Şamaxıda da soyqırım həyata keçirmişlər. Xocalıda baş verənlər həmin məkrli və çirkin siyasətin davamı olmuşdur. E.Qasımov Xocalı hadisələrini XX əsrdə insanlığa qarşı törədilmiş ən qəddar cinayət kimi qiymətləndirmişdir. O, vurğulamışdır ki, Xocalı soyqırımını törədən insanlar bu gün Ermənistan dövlətinin siyasi elitasını təmsil edənlərdir. Daha sonra ölkə başçısı cənab İlham Əliyevin uzaqgörən siyasəti, Azərbaycan xalqının güclü iradəsi nəticəsində Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün görülən tədbirlərdən danışılmış və bu cinayəti törədən şəxslərin qanun qarşısında əməllərinə görə cavab verəcəklərinə əminlik ifadə edilmişdir. Tədbirdə iştirak edən Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirmişdir ki, Azərbaycan dövləti və xarici ölkələrdə fəaliyyət göstərən diplomatik korpuslar, eləcə də diaspora təşkilatları tərəfindən Xocalı soyqırımının tanıdılması istiqamətində böyük həcmli işlər görülür. Artıq bir çox dünya dövlətlərinin parlamentləri Xocalı faciəsini soyqırım aktı kimi tanımış və pisləmişlər. H.Rəcəbli gəncləri Xocalı faciəsinin dünyada tanıdılmasında aktiv olmağa çağırmışdır. Tədbirin sonunda Bakı Ali Neft Məktəbinin tələbələri tərəfindən ingilis dilində hazırlanmış və Xocalı soyqırımına həsr olunmuş video çarx nümayiş olunmuşdur.

Facebook
Facebook
YouTube
YouTube
Instagram