+994(12) 570-09-01 info@socar-petroleum.azaz
"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması
bizim xalqımızın xoşbəxtliyidir"

Ümummilli Lider Heydər Əliyev

SOCAR-ın prezidenti neftçiləri təbrik edib

SOCAR-ın prezidenti Rövnəq Abdullayevin Qurban bayramı münasibətilə neftçilərə təbriki

Əziz neftçilər!

Sizi dünya müsəlmanlarının mənəvi birliyinin təcəssümü olan müqəddəs Qurban bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edir, hamınıza uzun ömür, cansağlığı, ailə səadəti arzulayıram.

Müqəddəs Qurban bayramı hər il bütün dünya müsəlmanları tərəfindən  böyük təntənə ilə qeyd olunur. Bu bayram İslam aləminin həmrəylik və qardaşlıq timsalına çevrilmişdir. Qurban mərasimləri müsəlmanlara xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olmanın və Uca Yaradana yaxınlığın fərəhini yaşadır, insanları sülhə, əmin-amanlığa və qardaşlıq yoluna dəvət edir. Azərbaycan xalqının mənəvi-əxlaqi dəyərlər sistemində Qurban bayramının xüsusi yeri vardır. Xalqımız öz tarixinin ən çətin dövrlərində belə bu bayramı əziz günlərdən biri kimi qeyd etmişdir. Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra bu əziz günün rəsmi şəkildə bayram edilməsi xalqımızın öz milli və dini adət-ənənələrinə sədaqət və ehtiramının parlaq ifadəsidir.

Humanizm, xeyirxahlıq və bərabərlik rəmzi olan Qurban bayramı cəmiyyətimizdə milli-mənəvi həmrəyliyi və tolerantlığı daha da gücləndirir, insanlar arasında şəfqət və mərhəmət duyğularının təntənəsini təzahür etdirir. Allahın adına kəsilən qurbanlar, dövlətimizin firavanlığı və tərəqqisi, xalqımızın rifahı və əmin-amanlığı üçün edilən dualar insanların mənən saflaşmasına, Vətən, torpaq, dövlətçilik kimi müqəddəs amallar ətrafında daha sıx birləşməsinə  xidmət edir. Əminik ki, möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında əldə olunmuş sarsılmaz milli birlik və həmrəylik dövlətimizin daha da güclənməsini, işğala məruz qalmış torpaqlarımızın tezliklə azad olunmasını təmin edəcəkdir.

Əziz neftçilər!

Müasir Azərbaycan dövlətçiliyinin tarixi xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə sıx bağlıdır. Məhz onun rəhbərliyi altında Azərbaycanın dövlət müstəqilliyi möhkəmlənmiş, dünyadakı nüfuzu durmadan yüksəlmiş, ölkəmiz Qərb dəyərlərinə inteqrasiya olunmuş, hüquqi, demokratik, sivil, dünyəvi dövlət quruculuğu təmin edilmişdir. Müstəqil Azərbaycan dövlətçiliyinin memarı, xalqımızın Ümummilli lideri Heydər Əliyev cəmiyyətin müasirləşməsi ilə bir sırada milli adət və ənənələrin qorunub saxlanılması və inkişaf etdirilməsini daim diqqət mərkəzində saxlamış, bu məsələlərə böyük önəm vermişdir. Əsası Ulu öndərimiz tərəfindən qoyulmuş inkişaf və tərəqqi strategiyası bu gün də dövlətimizin müdrik rəhbəri, möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında inamla davam etdirilir. Ölkəmizdə regional və qlobal əhəmiyyətli sənaye layihələri həyata keçirilir. İqtisadi yüksəliş Azərbaycanın dövlət müstəqilliyini günü-gündən daha artıq möhkəmləndirir, ölkəmizin dünyadakı nüfuzu artır. Bütün xalqımız kimi, fədakar Azərbaycan neftçiləri də Ulu öndər Heydər Əliyevin inkişaf və tərəqqi kursunun bu gün məhz möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında inamla davam etdirilməsindən böyük qürur və iftixar hissi keçirir, bu qalibiyyətli strategiyanın yeni-yeni qələbələr qazanması uğrunda əzmlə çalışır, ölkəmizin iqtisadi qüdrətinin artırılması üçün var qüvvələrini sərf edirlər. Bu əziz bayram günlərində əmək növbəsində, iş başında olan neftçilərimiz də çoxdur. Onların əməyini xüsusi qeyd etmək istəyirəm.

Çoxminli neftçilər ordusu xoşbəxt gələcəyimiz naminə möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının həyata keçirdiyi məqsədyönlü daxili və xarici siyasəti daim dəstəkləyir, bu siyasətin qələbə çalmasına əməli fəaliyyətləri ilə ilbəil yeni-yeni töhfələr verirlər. İnanıram ki, neftçilər Azərbaycan Respublikasının iqtisadi qüdrətinin yüksəldilməsi naminə qalibiyyətli enerji strategiyasının daha böyük uğurlar qazanması üçün səylərini bundan sonra da artıracaq, onlara bəslənilən yüksək etimadı fədakar işləri ilə doğruldacaqlar.

Əziz neftçilər!

Sizi və ailə üzvlərinizi bir daha bu əlamətdar gün – müqəddəs Qurban bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edir, hər birinizə uzun ömür, möhkəm cansağlığı, süfrələrinizə bol ruzi-bərəkət və şərəfli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Hörmətlə,

Rövnəq Abdullayev,
SOCAR-ın prezidenti