+994(12) 570-09-01 office@socar-petroleum.azaz
"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması
bizim xalqımızın xoşbəxtliyidir"

Ümummilli Lider Heydər Əliyev

“SOCAR PETROLEUM” QSC-də Zəfər Günü tədbirləri keçirilib

“SOCAR PETROLEUM” QSC-nin nümayəndələri Zəfər Günü münasibətilə 2022-ci il noyabrın 5-də şirkətin əməkdaşı, Vətən Müharibəsi şəhidi Elyəddin Cəfərovun Naftalan şəhərində yerləşən evinə baş çəkiblər,  daha sonra şəhidin Qaşaltı Qaraqoyunlu kənd qəbiristanlığındakı məzarını ziyarət edərək əziz xatirəsini ehtiramla yad ediblər.

2020-ci il oktyabrın 20-də Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Elyəddin Cəfərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Vətənə xidmətə görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Şirkət nümayəndələri, həmçinin 2020-ci il 27 sentyabrda Ermənistan silahlı qüvvələrinin dinc əhaliyə qarşı törətdiyi terror aktı nəticəsində şəhid olan bir ailənin 5 üzvü – Qurbanovların məzarlarını ziyarət ediblər.

Zəfər Günü tədbirləri çərçivəsində cari ilin 6-7 noyabr tarixlərində “SOCAR PETROLEUM” QSC-nin Bakı şəhərində yerləşən yanacaqdoldurma məntəqələrində çalışan Birinci və İkinci Qarabağ müharibəsi iştirakçıları ilə də görüşlər keçirilib.

Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına canlarını fəda etmiş bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  

Tədbirdə şəhid ailələrinin və qazilərin ölkə başçısının tapşırığı və şəxsi nəzarəti altında yüksək diqqət və qayğı ilə əhatə olunduğu, onların sosial müdafiəsinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev  Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən daim diqqət mərkəzində saxlanıldığı vurğulanıb.

Bu xüsusda şirkətdə çalışan müharibə iştirakçılarının sosial problemlərinə hər zaman qayğı ilə yanaşıldığı və onların iş şəraitinin mütəmadi olaraq yaxşılaşdırıldığı bildirilib.

Sonda müharibə iştirakçılarına hədiyyələr təqdim olunub  və xatirə şəkli çəkilib.

Qeyd edək ki, “SOCAR PETROLEUM” QSC-də 1-ci və 2-ci Qarabağ müharibəsində iştirak edən ümumilikdə 137 əməkdaş çalışır.

Facebook
Facebook
YouTube
YouTube
Instagram