+994(12) 570-09-01 office@socar-petroleum.azaz
"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması
bizim xalqımızın xoşbəxtliyidir"

Ümummilli Lider Heydər Əliyev

“SOCAR PETROLEUM”un təşəbbüsü ilə ölkəmizdə  STQ avadanlıqlarının quraşdırılmasına başlanılıb

“SOCAR PETROLEUM” Qapalı Səhmdar Cəmiyyətinin təşəbbüsü ilə “CNG Autogas” MMC ölkəmizdə avtomobillərin sıxılmış təbii qaz (STQ-beynəlxalq miqyasda CNG)  ilə çalışması üçün xüsusi avadanlıqların quraşdırılması xidmətini həyata keçirməyə başlayıb. Belə ki,  bu məqsədlə yaradılmış xüsusi servis mərkəzində avtomobillərə İtaliya istehsalı olan üç növdə təhlükəsiz STQ qurğularının və balonlarının quraşdırılması nəzərdə tutulur. Quraşdırma işləri İtaliyadan olan mütəxəssislər tərəfindən həyata keçiriləcək.

Qeyd olunan balonlar İtaliyanın “Autogas İtalia” şirkəti tərəfindən istehsal olunub və  divar qalınlığı 8 mm-dir. Balonlar İtaliyada tökmə üsulu ilə istehsal olunduğundan səthi birləşmələri yoxdur, divarları bütövdür. Həcmləri müxtəlif ölçüdə- 14, 19 və 22,5 kub təşkil edir.

Beynəlxalq, həmçinin mənşə sertifikatlarına və keçirilmiş sınaqların nəticələrinin protokollarına malik olan avadanlığı quraşdırmaq üçün əsas şərt avtomobilin injektor mühərrikli olması və benzinlə işləməsidir. Bununla da avtomobil səhərlər işə salınanda benzinlə işə düşür,  istilik bəlli temperatura çatdıqda, avtomatik STQ-ya keçir. Həmçinin  quraşdırılmış düymə vasitəsi ilə avtomobilin yanacaq ehtiyacını istər STQ-ya, istərsə də benzinə yönəltmək mümkündür.

Qeyd edək ki, ənənəvi yanacaq növlərindən fərqli olaraq STQ  neft deyil, təbii qaz əsasında istehsal olunur. Bununla da təhlükəsiz və ekoloji baxımından təmiz olan STQ yanacağı ənənəvi yanacaq növlərindən həm də qiymət baxımından daha sərfəlidir. Mütəxəssislərin hesablamalarına görə, oktan ədədi 124 və daha çox olan STQ ilə işləyən avtomobillərin yanacaq sərfiyyatı benzinlə işləyənlərə nisbətən iki dəfədən çox,  mayeləşdirilmiş neft qazı (LPG) ilə müqayisədə isə 30-40 faiz daha az yanacaq sərf edir.

STQ ilə işləyən avtomobillərin digər üstünlüyü isə onların digərləri ilə müqayisədə mühərrik yağlarının daha gec, hər 35-40 min kilometrdən bir dəyişməyə ehtiyac yaranmasıdır.

Lakin bütün bunlarla bərabər, ən əsas göstərici təhlükəsizliklə bağlıdır. Elə bu mənada da STQ ən ideal yanacaq növüdür. Belə ki, benzinin alışma temperaturu 300 dərəcə, LPG-nin isə 400 dərəcədirsə, STQ-də bu göstərici 650 dərəcədir. Eyni zamanda, STQ təbii qaz əsaslı olduğundan daha yüngüldür və bu baxımdan qəza və ya sızma hallarında digər yanacaq növlərində olduğu kimi bir yerdə  toplanaraq partlama, yanma ilə nəticələnmir, dərhal havaya qarışır. Odur ki, STQ ən təhlükəsiz yanacaq növü hesab edilir. Hazırda dünyada 26,2 milyon avtomobil STQ ilə işləyir ki, bunun da təqribən, 25 faizi Çinin payına düşür. Region ölkələri içərisində STQ ilə işləyən ən çox avtomobil  İrandadır.

Xidmətlə bağlı daha ətraflı məlumatı “CNG Autogas” MMC-dən və ya  050-359-64-84 əlaqə nömrəsindən əldə etmək olar.

Facebook
Facebook
YouTube
YouTube
Instagram