Yüklənir
“SOCAR PETROLEUM” QSC Azərbaycan ərazisində, “SOCAR” brendi altında, neft və qaz məhsullarının alqı-satqısının təşkil edilməsi və beynəlxalq standartlara uyğun, keyfiyyətli təchizat xidmətinin həyata keçirilməsi məqsədilə 2008-ci ildə təsis edilib.
Şirkətin ilk 3 yanacaqdoldurma məntəqəsi (YDS) 2010-cu il mayın 7-də açılıb. Hazırda ölkəmizdə sayı günbəgün artan YDS-lərin 69-u “SOCAR PETROLEUM”un payına düşür. Şirkətin 1 Sıxılmış Təbii Qaz Terminalı və 13 neft terminalı bazası da var ki, bu terminalların 11-i regionlarda, 2-si isə Bakıda fəaliyyət göstərir. Qeyd edək ki, xidmət şəbəkəsinin genişləndirilməsi ilə bağlı işlər dinamik sürətlə davam etdirilir. Bu xüsusda cari ildə daha bir neçə yanacaqdoldurma stansiyasının istifadəyə verilməsi gözlənilir.
“SOCAR PETROLEUM” QSC-yə məxsus YDS-lərdə satışı həyata keçirilən yanacaq növlərindən “A-92”, “Aİ-95” Premium və Dizel yanacağı Heydər Əliyev adına Neft Emalı Zavodundan (NEZ) alınır, “Aİ-98” Super markalı yanacaq isə xaricdən idxal olunur. Məlumat üçün qeyd edək ki, Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) yenidənqurma və modernizasiya layihəsi çərçivəsində Azərbaycanda Avro-5 standartına cavab verən dizel və benzin yanacağının istehsalının təşkili istiqamətində aparılan işlər mərhələli şəkildə yekunlaşmaqdadır. Görülmüş işlər nəticəsində NEZ-də istehsal olunan “Aİ-92” və “Aİ-95” markalı yanacaq növləri artıq “Avro-5” standartlarına çatdırılıb.
“SOCAR PETROLEUM”a məxsus YDS-lərdəki bütün ölçmə vasitələri Azərbaycan Metrologiya İnstitutu tərəfindən dövrü yoxlamadan keçirilir. Yoxlamadan keçən avadanlıqlar müvafiq blomp və qalaqramlarla təmin olunur.Yanacaq növlərinin keyfiyyətinə, mütəmadi olaraq, akkreditasiya olunmuş laboratoriyalar tərəfindən yoxlanılır və uyğunluq sertifikatı ilə təmin edilir. Bundan başqa, SOCAR YDS-lərində yanacağın saxlanılması üçün yeraltı üfüqi və şaquli polad çənləri dövrü olaraq yoxlanılır, həndəsi üsulla dərəcələnmə cədvəlləri ilə təmin edilir və təsdiq olunmuş qrafikə uyğun olaraq, ildə iki dəfə xüsusi qurğular vasitəsilə təmizlənir və bununla bağlı aktlar tərtib olunaraq saxlanılır.
YDS-də satılan yanacağın ekoloji standartlara cavab verməsinə gəlincə, yerli istehsal olan “A-92”, “Aİ-95” Premium və Dizel yanacağı, o cümlədən “Super” markalı yanacaq “Avro-5” ekoloji standartına uyğundur. Ümumiyyətlə, SOCAR YDS-lərində “A-92” markalı benzin və Dizel yanacağına tələbat daha çoxdur. Çünki yük avtomobilləri, taksilər və avtobusların əksəriyyəti bu yanacaq növlərindən istifadə edirlər.
“Super” markalı yanacaqla isə əsasən ölkəyə yeni gətirilən, müasir texnologiya ilə istehsal olunmuş minik avtomobilləri işləyir. Bu benzin yüksək ekoloji standartlara uyğun avtomobillərin istifadəsi üçün nəzərdə tutulub. “Super” markalı yanacağın hazırlanması zamanı yüksək oktanlı məhsullardan istifadə olunur və buna görə də, o, ekoloji baxımdan təmiz hesab edilir. Son illər Azərbaycana Avropa, Amerika və aponiyadan gətirilən avtomobillər məhz “Super” markalı benzinlə işləyir. Ölkəmizin avtomobil parkında müasir avtomobillərin artması ilə bu nəqliyyat vasitələri üçün nəzərədə tutulan yanacağa tələbat yüksəlib. “SOCAR PETROLEUM” müştərilərinə daha əlverişli xidmətlərin göstərilməsi məqsədilə “Avro-5” ekoloji standartına cavab verən “Super” markalı yanacağın satış dairəsini genişləndirir.
“SOCAR PETROLEUM”, həmçinin modul topli yanacaqdoldurma stansiyalarının istismara verilməsi təcrübəsini də tətbiq edir. Belə ki, 2021-ci ildə Qusar rayonu, Qusar-Laza yolunun 29-cu km-də yerləşən Şahdağ Turizm Mərkəzinin ərazisində “SOCAR” brendli modul tipli YDS istifadəyə verilib. “SOCAR PETROLEUM”un peşəkar mühəndis heyətinin ərsəyə gətirdiyi bu YDS dəniz səviyyəsindən 1 600 metr yüksəklikdə, 1 500 m² -lik ərazidə yerləşir. Qusar ayonunda hərəkət edən sürücülər, eyni zamanda Şahdağ Turizm Mərkəzinə gələn qonaqlar üçün bu YDS olduqca əlverişlidir.
Həmçinin İkinci Qarabağ müharibəsindəki şanlı qələbəmizdən sonra “SOCAR PETROLEUM” QSC yenidənqurma və bərpa işlərinə öz töhfəsini verməyə başladı. Belə ki, işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur İqtisadi rayonlarımızda quruculuq işləri dövründə nəqliyyat vasitələrinin fasiləsiz yanacaqla təmin edilməsi məqsədilə 2021-ci il sentyabr ayında QSC tərəfindən Ağdam şəhərində ilk “SOCAR” brendli modul tipli YDS istifadəyə verib. Daha sonra Qubadlı rayonu Eyvazlı kəndində stasionar tipli YDS istifadəyə verildi. Görülən uğurlu fəaliyyət nəticəsində Şuşa, Laçın, Xankəndi, Füzuli, Xocalı şəhərləri, Kəlbəcər rayonu, Xocavənd rayonu Hadrut qəsəbəsi və Cəbrayıl rayonu Şükürbəyli kəndi ərazisində də modul tipli YDS-lər fəaliyyətə başlayıb.
Qeyd edək ki, Modul tipli məntəqədə 2 yanacaqpaylayıcı kalonka quraşdırılır və “A-92” markalı benzin və “Dizel” tipli yanacaq məhsullarının satışı həyata keçirilir. Bununla da, 2 kiçik və iritutumlu avtonəqliyyat vasitələrinin yanacaqla təmin edilməsi üçün şərait yaranır. Hazırda ölkə ərazisində ümumilikdə 13 sayda modul tipli yanacaqdoldurma stansiyası fəaliyyət göstərir.
“SOCAR PETROLEUM” QSC, YDS şəbəkəsinin inkişaf planına uyğun olaraq, CNG (Sıxılmış Təbii Qaz) məntəqələrinin yaradılmasına xüsusi önəm verir. CNG hazırda sərfiyyat və təhlükəsizlik baxımdan bazarda olan ən əlverişli və ekoloji cəhətdən ən təmiz yanacaqdır. Bunu nəzərə alan SOCAR CNG satışı istiqamətində fəaliyyətini intensivləşdirir. Hazırda YDS-lərdə fəaliyyət göstərən CNG məntəqələrinin sayı 9-a çatdırılıb. Qeyd edək ki, digər yanacaq növlərinə nisbətən təbii qaz azotu 70-90%, karbon monoksidi 60-70%, karbon dioksidi isə 20-30% daha az emissiya edir.
Təbii qazda kükürd olmadığından kükürd oksidləri yaranmır. Bu da, öz növbəsində mühərrikin metal səthlərinin aşınmasının qarşısını alır. Beləliklə, bu yanacağın keyfiyyətləri daxiliyanma mühərriklərinin istismar və yağdəyişmə müddətinin uzadılmasına və yağdəyişmə xərclərinin azaldılmasına imkan verir. 2018-ci ildən etibarən ölkədə təbii qaz hasilatı artan həcmlərlə inkifaş etdiyi üçün gələcəkdə yanacaq bazarında CNG çatışmazlığı gözlənilmir.
“SOCAR PETROLEUM” Qapalı Səhmdar Cəmiyyəti son illər ölkə ərazisində elektromobillərə artan marağı nəzərə alaraq, yanacaqdoldurma stansiyalarında elektorşarj avadanlıqlarının quraşdırılması üzərində işlərə başlamışdır. Hazırda isə bölgələrində şirkətin inkişaf planına uyğun olaraq 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili”çərçivəsində respublikanın müxtəlif bölgələrində, o cümlədən işğaldan azad edilmiş Qarabağ və Şərqi Zənqəzur İqtisadi rayonlarında yeni tikiləcək yanacaqdoldurma stansiyalarının layihə texniki – şərtlərinə dəyişikliklər edərək, hər bir stansiyada “Şarj boxların” quraşdırılmasını şərt olaraq qəbul edilmişdir. Eyni zamanda, COP29 beynalxalq tədbirinə hazırlıq mövzusunda mövcud yanacaq doldurma stansiyalarında 10 ədəd “Şarj boxsların” quraşdırılması planlaşdırılır. Yeni quraşdırılacaq “Şarj boxslar” Bakı şəhəri inzibati ərazisində və ölkə əhəmiyyətli M 2, M 3, M 4, M 5 avtomobil yollarının üzərində yerləşən “SOCAR PETROLEUM” QSC – yə məxsus yanacaq doldurma stansiyalarının ərazilərində qurulacaq. Bu “şarj boxların” gücü 60 kvt-dir. Hazırda 11 ədəd elektroşarj avadanlığı istismardadır. Ümumilikdə isə 22 ədəd “şarj boxların” istismara verilməsi nəzərdə tutulub.