+994(12) 570-09-01 office@socar-petroleum.azaz
"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması
bizim xalqımızın xoşbəxtliyidir"

Ümummilli Lider Heydər Əliyev

Azərbaycanda od çərşənbəsi qeyd olunur

Martın 1-i Novruzun ikinci çərşənbəsi – Od çərşənbəsidir. Od çərşənbəsi Günəşə, oda tapınma, odu qoruyub saxlama inamı ilə bağlıdır. Ta qədimdən türklər oda təbiəti, torpağı canlandıran, şər qüvvələri qovan, ağrı-acını yandıran qüvvə kimi baxıblar. Od çərşənbəsinə el arasında “Adlı çərşənbə” də deyirlər. İnsanlarda belə bir inam yaranıb ki, əgər Günəşi, onun yerdəki rəmzi odu əzizləsələr, təbiət tez isinər, yaz gələr, insanlara ruzi-bərəkət, xoşbəxtlik gətirər. Bu səbəbdən də odu qorumaq üçün xüsusi mərasimlər keçirər, onun şərəfinə nəğmələr oxuyarmışlar. Od çərşənbəsində hündür bir təpənin üstündə tonqal qalanar, insanlar həmin tonqalın dövrəsində rəqs edər, sonra hər kəs öz məşəlini o tonqalda yandırıb, öz doğma ocağında od qalamaq üçün tələsərmiş.

Od çərşənbəsi ilə bağlı ayin, mərasim, etiqadlar bugünümüzə qədər gəlib çıxıb. İndi də Od çərşənbəsində hər qapıda tonqal qalanır, hamı tonqalın ətrafına toplaşaraq odun şərəfinə nəğmələr oxuyur, əyləncəli oyunlar keçirərlər. Hamı “ağırlığım, uğurluğum tökülsün oda, odda yansın” deyərək tonqalın üstündən atılar. Od çərşənbəsi ilə bağlı inanclardan biri də belədir ki, bu çərşənbədə ocağı boş qoymazlar, hamı öz evində olmalıdır. Hətta bayram süfrəsində də odlu element – bayram şamı qoymaq lazımdır. “Ocağınız sönməsin” deyimi də buradan qaynaqlanır.

Odlar ölkəsi sayılan Azərbaycanda od indi də müqəddəs sayılır. Əziz bayramımız Novruzun dövlət səviyyəsində qeyd edilməsi, Dövlət başçısının Novruz şənliklərinə qatılması, bayram tonqalını yandırması, sadə insanlarla bayramlaşması Novruzun özəlliyini daha da artırır.

Maraqlı bir də odur ki, Od Novruzun bütün çərşənbələrinin atributudur. Məhz Od bütün çərşənbələrdə hər tərəfi işığa, nura bələyər. Çərşənbə axşamınız mübarək, ocağınız daha gur yansın!

Facebook
Facebook
YouTube
YouTube
Instagram