+994(12) 570-09-01 office@socar-petroleum.azaz
"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması
bizim xalqımızın xoşbəxtliyidir"

Ümummilli Lider Heydər Əliyev

Toğrul Seyidov: Güclü bir şirkətə çevrilmək istiqamətində fəaliyyətimizi genişləndirməyi planlaşdırırıq – MÜSAHİBƏ

Ölkənin dinamik inkişafının əsas prioritetlərindən biri də diversifikasiya olunmuş milli iqtisadiyyatın formalaşdırılmasıdır. Bu baxımdan Azərbaycanda iqtisadiyyatın diversifikasiyası ilə bağlı görülən tədbirlərin sistemli və ardıcıl reallaşdırılması istiqamətində ərsəyə gələn müəssisələrdən biri də “SOCAR Petroleum” Qapalı Səhmdar Cəmiyyətidir (QSC). “SOCAR” brendi ilə kommersiya fəaliyyəti göstərən “SOCAR Petroleum” QSC-nin ölkə ərazisində çoxsahəli nəqliyyat infrastrukturuna beynəlxalq standartlara uyğun, keyfiyyətli təchizat xidməti barədə “İki sahil” qəzetinin suallarını QSC-nin baş direktoru Toğrul Seyidov  cavablandırır.

– Toğrul müəllim, “SOCAR Petroleum” QSC 2015-ci ildə hansı işləri həyata keçirib, bu il üçün planlarınız nədən ibarətdir?

– Bu günədək uğurla icra olunan “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” rayonların iqtisadi potensialının artmasına, biznes və investisiya mühitinin, əhalinin rifahının yaxşılaşmasına, bununla da ölkənin strateji inkişaf hədəflərinə, müəyyən edilmiş məqsədlərə nail olmasına əhəmiyyətli töhfəsini verir. Demək olar ki, ölkədə sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması istiqamətində möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurlu siyasəti və verdiyi məqsədyönlü qərarlar regionlarda infrastruktur layihələrinin icrasının sürətlə davam etdirilməsinə şərait yaradır. Bu da onun nəticəsidir ki, son illər dövlət başçısının dəstəyi ilə ölkə iqtisadiyyatının müxtəlif sahələrində, o cümlədən neft sahələri üzrə müəssisələr istifadəyə verilir və ildən-ilə də inkişaf etdirilir.

Bu baxımdan, “SOCAR Petroleum” QSC elm və texnikanın ən son nailiyyətlərini özündə əks etdirən uyğun xidmət sahələri ilə kompleksləşdirilmiş müasir tələblərə cavab verən layihələr əsasında yanacaqdoldurma məntəqələrini inşa edərək onları istismar etməklə bərabər, ölkə daxilində neft məhsullarının topdan və pərakəndə satışını layiqincə yerinə yetirən müasir tələblərə cavab verən güclü bir şirkətə çevrilmək istiqamətində fəaliyyətini günbəgün genişləndirməyi planlaşdırır.

Ötən il ərzində “SOCAR Petroleum” QSC ölkəmizin hüdudları daxilində inkişaf etməkdə olan nəqliyyat infrastrukturuna günün tələbləri səviyyəsində hərtərəfli xidmət göstərmək və öz yanacaqdoldurma şəbəkəsinin əhatə dairəsini genişləndirmək məqsədilə elm və texnikanın ən son nailiyyətlərini özündə əks etdirən müvafiq xidmət sahələri ilə kompleksləşdirilib, müasir tələblərə cavab verən layihələr əsasında dörd yeni yanacaqdoldurma məntəqəsinin inşasına başlayıb. Yaxın vaxtlarda bu yanacaqdoldurma məntəqələri  fəaliyyət göstərməyə başlayacaq. Həmin yanacaqdoldurma məntəqələrinin ikisi Şamaxı şəhərində, biri Hacıqabulda, digəri isə Bakı şəhərinin Ziya Bünyadov prospektində inşa olunur. Bundan əlavə, Nobel prospektində yanacaqdoldurma məntəqəsinin tikintisi üçün sahə ayrılıb. Layihələndirmə işləri başa çatdıqdan sonra tikinti işlərinə start veriləcək. Bütün bu yanacaqdoldurma məntəqələri istifadəyə verildikcə vətəndaşlarımız üçün yeni iş yerləri yaranmış olacaq. Hazırda Bakı şəhəri və regionları əhatə edən  19 yanacaqdoldurma məntəqəsi və 11 neft terminalı bazası ilə fəaliyyətimizi davam etdiririk.

– Satışını həyata keçirdiyiniz yanacaq növləri hansı ekoloji standarta cavab verir?

– Hazırda yanacaqdoldurma məntəqələrimizdə 6 növ yanacağın satışı həyata keçirilir. Bunlar Aİ-95 Premium  Avro-4 ekoloji standartına, Aİ-92 Avro-2, Aİ 98 Super benzini Avro-5-ə cavab verir. Həmçinin  dizel və maye qaz (LPG) yanacaq növlərinin satışı da həyata keçirilir.

Həmçinin “SOCAR Petroleum” QSC Bakı-Aeroport yolu və Sabunçu və Suraxanı yol qovşaqlarının yaxınlığında yerləşən yanacaqdoldurma məntəqələrində elektriklə işləyən və ya elektrik şarj üçün girişi olan hibrid avtomobilləri üçün şarj xidmətini tətbiq edib. Həmin stansiyalarda 15-20 dəqiqəyə tam şarj edə biləcək ultra sürətli şarj avadanlıqları quraşdırılıb. Yanacaqdoldurma məntəqələrində quraşdırılan avadanlıq eyni anda iki avtomobili şarj etməyə imkan verir. Eyni zamanda ultra sürətli şarj avadanlıqlarının quraşdırılması nəticəsində respublikamızda bu tip nəqliyyat vasitələrinin istifadəsinə marağın artacağına inanırıq.

– “SOCAR Petroleum” QSC təchizat prosesini necə həyata keçirir?

– “SOCAR Petroleum” QSC Azərbaycan ərazisində neft məhsullarının topdan və pərakəndə satışının, çoxsahəli nəqliyyat infrastrukturunun beynəlxalq standartlara uyğun keyfiyyətli təchizat xidmətinin həyata keçirilməsini davamlı olaraq təşkil edir. Hazırda neft məhsullarının topdan satışının həyata keçirilməsi, qəbulu və saxlanılması məqsədilə Bakı şəhərində və respublikamızın digər bölgələrində  “SOCAR Petroleum” QSC-yə məxsus neft terminalı bazaları fəaliyyət göstərir. Həmçinin respublikamızda fəaliyyət göstərən bəzi başqa yanacaqdoldurma məntəqələri və yerli sahibkarlar da neft məhsullarına olan tələbatlarını ödəmək üçün “SOCAR Petroleum” QSC-yə məxsus neft terminalı bazalarından lazımi qədər neft məhsulları əldə edərək öz tələbatlarını ödəyə bilirlər.

– Sosial öhdəliklərinizin  icrasını necə yerinə yetirirsiniz?

– Şirkətimiz pərakəndə yanacaqdoldurma ilə yanaşı, ölkəmizdə mövcud olan idman ənənələrinin qorunub saxlanılması istiqamətində də  tədbirlər həyata keçirir. Ölkədə idman ənənələrinin inkişafı dövlətin dünya miqyasında müsbət imicinin formalaşdırılmasında əhəmiyyətli atributlardan biridir. Bu səbəbdən də hər bir dövlətin əsas məqsəd və vəzifələrindən biri də ölkədəki mövcud idman ənənələrini qoruyub inkişaf etdirməkdir. Eyni zamanda, gənc nəslin fiziki cəhətdən sağlam və güclü olması, onların asudə vaxtlarının səmərəli təşkili, zərərli vərdişlərin qarşısının alınması, gənclərin əməyə və Vətənin müdafiəsinə hazırlanması kimi məsələlərin həllinin təmin edilməsində bədən tərbiyəsi və idman hazırkı dövrdə günün aktual tələblərindən birinə çevrilib. Bu baxımdan da idmanın, xüsusilə də futbolun inkişafına töhfə vermək məqsədilə QSC-miz ölkə çempionatında iştirak edən  “Neftçala” futbol klubuna rəsmi sponsorluq edir.

– Bəzən istehlakçılar müxtəlif yanacaqdoldurma məntəqələrində  hüquqlarının pozulduğunu  deyirlər. Praktik cəhətdən belə hal ola bilərmi?

– “SOCAR Petroleum” QSC fəaliyyətini İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu qanunlara müvafiq qəbul edilmiş digər normativ-hüquqi aktlara uyğun olaraq həyata keçirir. Belə ki, yanacaqdoldurma məntəqələrimizin hər birində xidmət keyfiyyətini artırmaq və müştərilərə göstərilən xidmətləri asanlaşdırmaq məqsədilə müasir tələblərə cavab verən, elm və texnikanın ən son nailiyyətlərini özündə əks etdirən model avadanlıqlar quraşdırılıb. Yeni nəsil avtomatika sistemi Azərbaycanda ilk dəfə olaraq “SOCAR Petroleum” QSC-yə məxsus yanacaqdoldurma məntəqələrində tətbiq olunub və bu yaxınlarda həmin sistem daha da təkmilləşdirilib. Yanacaqdoldurma məntəqələrimizdə müştərilərə göstərilən xidmətlərin təkmilləşdirilməsi və onların rahatlığını təmin etmək üçün plastik kartlar vasitəsilə nağdsız ödənişlər aparmaq mümkündür.

Həmçinin yanacaqdoldurma məntəqələrimizin hər biri Yaponiya istehsalı olan “TATSUNO” yanacaqpaylayıcı kalonka ilə təchiz edilib. Həmin kalonkalar hər üç aydan bir Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə Sınaq Mərkəzi (AzTEST) tərəfindən dövri yoxlamalardan keçirilir. Hər bir yanacaqdoldurma məntəqəmizdə AzTEST tərəfindən yoxlanılmış və plomblanmış nümunəvi ölçü qabları mövcuddur ki, istehlakçının narazılığı olduğu halda onların iştirakı ilə həmin qab vasitəsilə düzgünlüyü yoxlamaq mümkündür.

– Hazırda “SOCAR Petroleum” QSC-də neçə işçi çalışır?

– Hələ bir neçə il əvvəl ölkə Prezidenti cənab İlham Əliyev demişdir: “Biz ölkə iqtisadiyyatının uzunmüddətli və dayanıqlı inkişafını güclü sosial siyasət aparmadan təmin edə bilməzdik. Bu məqsədlə Azərbaycanda çox güclü sosial siyasət aparılır. Bu siyasət özünü müxtəlif istiqamətlərdə büruzə verir. Yeni iş yerlərinin açılması daimi proses olmalıdır və açılan yeni iş yerləri əhalinin sosial təminatını gücləndirməklə yanaşı, ölkənin iqtisadi inkişafını sürətləndirir”. Bu prinsiplərə söykənərək Azərbaycan Respublikası ərazisində “SOCAR” brendi altında fəaliyyət göstərən yanacaqdoldurma məntəqələri şəbəkəsi aktiv şəkildə genişlənir və hal-hazırda həmin məntəqələrin hər birində orta hesabla 40 nəfər, “SOCAR Petroleum” QSC-nin ümumi strukturunda isə 1426  nəfər işçi çalışır.

– “SOCAR Petroleum” QSC-də təhlükəsizlik məsələləri necə həll edilir, işçilərin sağlamlıqlarının qorunması istiqamətində hansı işlər görülür?

– İşçilərin təhlükəsizlik sahəsində bilik və bacarıqlarının yüksək səviyyədə olması, ixtisaslı kadrların hazırlanması işinin təşkili və inkişaf etdirilməsi üçün “SOCAR Petroleum” QSC-nin nəzdində Təlim-Tədris Mərkəzi yaradılıb. Metodik vəsaitlər, müasir texnika və avadanlıqlarla təchiz olunmuş Təlim-Tədris Mərkəzinin məqsədi işə yeni qəbul olunmaq istəyənləri lazımi biliklərə yiyələndirmək və fəaliyyətdə olan işçilərin bilik və bacarıqlarını günün tələbləri səviyyəsinə yüksəltmək, onların peşə hazırlığı, ixtisas və təkmilləşdirmə kurslarını təşkil etməkdir.

Təlim-Tədris Mərkəzi “SOCAR Petroleum” QSC-nin əsas təlim-tədris bazası olmaqla bərabər, həm də tədris proqramlarının mənimsənilməsinə, müəssisənin hər bir işçisinin peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsinə və onların mənəvi-psixoloji səviyyələrinin artırılmasına xidmət edir. Eyni zamanda Təlim-Tədris Mərkəzində maddi-texniki bazanın gücləndirilməsi, yeni və səmərəli təlim metodlarının tətbiqi istiqamətində məqsədyönlü işlər aparılır. Mövcud qanunvericiliyə uyğun olaraq “SOCAR Petroleum” QSC-nin yanacaqdoldurma məntəqələrində çalışan bütün işçilərin əməyin mühafizəsi üzrə təlimi və ixtisasartırma sistemi təşkil edilir. Həmçinin Fövqəladə Hallar Nazirliyinin mütəxəssislərinin iştirakı ilə yanacaqdoldurma məntəqələrində çalışan əməkdaşlarımız üçün yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmə tədbirləri və təlimlər keçirilir. Yanacaqdoldurma məntəqələrində iş zamanı əməyin mühafizəsi üzrə qayda və təlimatlarda nəzərdə tutulmuş xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrindən istifadə edilir. Ən azı ildə iki dəfə bütün avtomatik yanğınsöndürmə qurğuları sisteminin, müvafiq sınaq protokolu tərtib edilməklə sınağının keçirilməsi təşkil edilir.

Yanacaqdoldurma məntəqələrimizdə çalışan kassir-operatorların sağlamlıqlarının bərpası məqsədilə onlar daim süd və ağartı qida məhsulları ilə təmin olunurlar.

– “SOCAR Petroleum” QSC pərakəndə yanacaqdoldurma ilə yanaşı, başqa hansı  xidmətlər göstərir?

– “SOCAR Petroleum” QSC istehlakçıların tələbatını ödəmək üçün kompleks yanaşma tətbiq edir. Buraya yanacaqdoldurma məntəqələrinin ərazisində yerləşən,  dadlı təamları ilə seçilən kafe, müxtəlif çeşidli məhsulları ilə fərqlənən ticarət məntəqələri, respublikamızda yalnız “SOCAR Petroleum” QSC-nin yanacaqdoldurma məntəqələrində fəaliyyət göstərən Finlandiya istehsalı olan kontaktsız avtoyuma və avtotəmir sexləri daxildir.

Eyni zamanda şəhərin mərkəzindən cəmi 5-10 km məsafədə yerləşən, müasir dizayna malik, yüksək Avropa standartlarına cavab verən dəniz mənzərəli 26 otağı olan motel fəaliyyət göstərir. Hər otaq yüksək sürətli və fasiləsiz internet, telefon və TV, kondisioner ilə təchiz edilib. Moteldə camaşırxana, avtopark və 24 saat işləyən taksi xidməti fəaliyyət göstərir. Həmçinin burada dənizə panoramalı restoran və bar da mövcuddur. “SOCAR Petroleum” QSC tərəfindən təklif olunan bütün bu xidmətlər vətəndaşlarımızın rahatlığını təmin etmək məqsədi daşıyır.

Ceyhun Piriyev, “İki sahil”

Facebook
Facebook
YouTube
YouTube
Instagram