+994(12) 570-09-01 office@socar-petroleum.azaz
"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması
bizim xalqımızın xoşbəxtliyidir"

Ümummilli Lider Heydər Əliyev

26 İyun Azərbaycan Silahlı Qüvvələr Günüdür

Azərbaycan Xalq Cümhuriyyətinin qurulması şərqin ilk demokratik respublikasında ordu quruculuğu istiqamətində mühüm tədbirlərin həyata keçirilməsinə təkan verdi. Məhz o dövrdə yaradılan milli ordu birləşmələri bu gün bölgədə ən güclü olan müstəqil Azərbaycan ordusuna çanlı miras qoyub. Bu mirasın təməlində düşmənə aman verməmək, hər zaman mətin olmaq və nəyin bahasına olursa-olsun Vətəni qorumaq, onun adını uca tutmaq kimi şərəfli missiya dayanır.

1918-ci il iyunun 26-da Xalq Cümhuriyyəti hökumətinin Azərbaycanda ilk Milli Ordu hissəsinin – əlahiddə diviziyanın yaradılması barədə qərar qəbul etməsi şərqdə yaranan ilk demokratik respublikanın həyatında mühüm hadisə oldu. Həmin dövrdə Cümhuriyyət hökumətinin tabeliyində olan hərbi qüvvələr “Qafqaz İslam Ordusu” ilə birlikdə Nuru paşanın komandanlığı altında müstəqilliyin möhkəmləndirilməsi üçün “Bakı Kommunası”nın qoşunları ilə qızğın döyüşlər apardı. O dövrdə təşkil olunan Hərbi Nazirlik və onun rəhbər heyətində təmsil olunan Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski və başqa ordu biliciləri Azərbaycanda ordu quruculuğunda mühüm islahatlar həyata keçirdilər. Azərbaycanda müasir ordu quruculuğuna isə ötən əsrin 70-ci illərindən başlandı. 1969-cu ildə Heydər Əliyev ölkədə haklimiyyətə gəlməklə milli zabit kadrlarının hazırlanmasını hədəf seçdi və bununla da Azərbaycanda ordu quruculuğuna start verildi. Böyük çətinliklə də olsa Cəmşid Naxçıvanski adına hərbi məktəbin Bakıda açılmasına nail olan ulu öndər qarşıya qoyduğu vəzifələri reallığa çevirdi. Gənclərin həmin məktəbə, habelə ölkədən kənardakı hərbi məktəblərə cəlb olunması Azərbaycan üçün peşəkar kadrların hazırlanması işinə böyük təkan verdi. Milli ordu quruculuğunun müstəqillik tarixi də məhz ulu öndərin sovetlər dönəmində yaratdığı möhkəm baza əsasında formalaşdı. Xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev bütün sahələrdə olduğu kimi, ordu quruculuğunda da xilaskarlıq missiyasını yerinə yetirdi. Qeyri-qanuni silahlı birləşmələr ləğv edildi, vahid komandanlıq yaradıldı, hərc-mərcliyə son qoyuldu. Cəbhə bölgələrinə gedən ali baş komandan Heydər Əliyev atəşkəsə nail oldu. Bundan sonra isə müasir ordu quruculuğu fundamental əsaslarla inkişaf etməyə başladı. Bu gün Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini qorumağa qadir olan qüdrətli ordu məhz Heydər Əliyev qətiyyətinin nəticəsi olaraq yarandı. Ordu quruculuğu sahəsində ulu öndərin strateji siyasətini uğurla həyata keçirən Prezident İlham Əliyevin fərman və sərəncamları ilə ölkədə müasir hərbi sənaye kompleksinin yaradılması, silahlı qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi prosesi uğurla həyata keçirilir. Bu gün ordu zabitlərimiz dünyanın bir çox ölkələrinin ali hərbi məktəblərində təhsil alır. Dövlət başçısının qayğısı ilə Azərbaycan ordusunun beynəlxalq əlaqələri getdikcə genişlənir. Silahlı qüvvələrimizin bölmələri dünyanın bir çox münaqişə ocaqlarında beynəlxalq sülhməramlı qüvvələrlə birgə sülhyaratma prosesində iştirak edirlər.

Ölkəmizin iqtisadi qüdrəti artdıqca ordumuzun da gücü çoxalır. Bu gün Azərbaycanın hərbi xərclərinin Ermənistanın dövlət büdcəsinə bərabər olması faktı da bu mənada ən yaxşı nümunə hesab edilə bilər. Prezident İlham Əliyevin “iqtisadi, hərbi üstünlüyümüz və hərbi potensialımızın ən yüksək səviyyədə olması bizə imkan verir ki, istənilən anda torpaqlarımızı işğaldan azad edək” deməsi əslində Azərbaycan Silahlı Qüvvələrinin gücünə və qüdrətinə olan inamı ifadə edir.

Tarix sübut edib ki, peşəkar ordusu olan xalqın müstəqilliyi də əbədidir. Azərbaycanda da ordu quruculuğuna dair bütün mühüm tədbirlər ardıcıl surətdə, dünya təcrübəsi nəzərə alınmaqla həyata keçirilir. Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi, müdafiə sənayesi potensialının artırılması istiqamətində atılan addımlar ordumuzun gücünə əlavə güc qatır. Odur ki, millətimizin güvənc yeri, qürur, ləyaqət rəmzi və özünütəsdiq imkanı olan Azərbaycan ordusu xalqımızın milli düşüncəsində ali və müqəddəs ucalıqda dayanır, dövlətimizin varlıq, mövcudluq və milli kimlik meyarı kimi çıxış edir. Xalqımızın silahlı qüvvələrə olan inamı isə ölkəmizin milli təhlükəsizliyinin təmin olunmasında ordunun şəxsi heyətinə böyük etimad yaradır. Bununla yanaşı, Azərbaycan Xalq Cümhuriyyətinin müasir Azərbaycana yadigar qoyduğu bu dəyərli sərvət – milli ordumuzun potensialı, artan müdafiə xərclərimiz bizi əsas məqsədimizə, işğal altında qalan torpaqlarımızın azad olunmasına daha da yaxınlaşdırır.

Facebook
Facebook
YouTube
YouTube
Instagram