+994(12) 570-09-01 office@socar-petroleum.azaz
"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması
bizim xalqımızın xoşbəxtliyidir"

Ümummilli Lider Heydər Əliyev

SOCAR-ın prezidenti Rövnəq Abdullayev Maltada elektrik stansiyası və qaz terminalının açılışında iştirak etmişdir

Aprelin 24-də SOCAR-ın prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Maltada olmuşdur. SOCAR-ın prezidenti və nümayəndə heyətinin üzvləri Marsaşlokk şəhərində ”SOCAR Traiding”in həmtəsisçi olduğu ”ElectroGas Malta” şirkəti tərəfindən inşa olunmuş qaz terminalı və elektrik stansiyasının açılış mərasimində iştirak etmişlər. Maltanın Baş naziri Cozef Muskat və bu ölkənin rəsmi şəxslərinin iştirak etdiyi mərasimdə qeyd olunmuşdur ki, SOCAR Maltada yeni elektrik stansiyasına maye təbii qaz (LNG) tədarük etməklə, eləcə də onu ”Enemalta” dövlət enerji şirkətinə satmaqla bu ölkədə elektrik enerjisi mənbəyi kimi mazutdan tam imtina edilməsi üçün şərait yaratmışdır. Mərasimin birinci hissəsində Marsaşlokk şəhər sakinlərinin müşayiəti ilə mazutla çalışan ”Delimara-1” elektrik stansiyası istismardan çıxarılmışdır. Maltanın Baş naziri Cozef Muskat layihənin səhmdarları olan ”SOCAR Trading”, ”SiemensPV” və ”GEMHolding” şirkətlərinin dəstəyi ilə ”ElectroGas Malta”nın gördüyü işlərdən danışmış, bildirmişdir ki, həyata keçirilən tədbirlər elektrik enerjisi qiymətlərini 25%, atmosferə atılan zərərli tullantıların miqdarını isə 90% azaltmağa imkan verir. SOCAR prezidenti Rövnəq Abdullayev Maltada yeni qaz dövrünün başlanması münasibətilə təbriklərini çatdırmış, belə böyük layihənin həyata keçirilməsi üçün yaradılmış əlverişli şəraitə görə ölkə rəhbərliyinə təşəkkür etmişdir. Rövnəq Abdullayev həmçinin, SOCAR-ın Maltada uzun müddət fəaliyyət göstərməsi üçün perspektivlər olduğunu vurğulamışdır. Mərasimdə digər rəsmi şəxslər də çıxış etmişlər. Tədbir çərçivəsində SOCAR-ın prezidenti Rövnəq Abdullayev Malta rəsmiləri ilə bir sıra görüşlər keçirmişdir.

Qeyd edək ki, ”SOCAR Trading” şirkəti ”ElectroGas Malta” konsorsiumunun həmtəsisçisi kimi, 2013-cü ildə elektrik enerjisi istehsalı üçün adanın qazlaşdırılması üzrə Malta hökumətinin keçirdiyi tenderin qalibi olmuşdur. ”SOCAR Trading” ”Siemens” və yerli “GEM” investisiya şirkətləri ilə tərəfdaşlıq şəraitində dəyəri 500 mln. avrodan çox olan və 210 MVt gücə malik yeni elektrik stansiyasının, eləcə də adada LNG-nin yenidən qazlaşdırılması üzrə terminalın tikintisi üzrə layihəni koordinasiya etmişdir. İnşaat işlərinə 2014-cü ilin dekabr ayında başlanılmış, cari ilin yanvarında LNG-nin ilk partiyası tədarük olunmuşdur. Layihənin eksklüziv LNG təchizatçısı ”SOCAR Trading” şirkətidir. ”ElectroGas Malta” şirkətinin qarşıdakı 18 il müddətində ”Enemalta” dövlət enerji şirkətini elektrik enerjisi və təbii qazla təchiz edəcəyi nəzərdə tutulur.

Facebook
Facebook
YouTube
YouTube
Instagram