+994(12) 570-09-01 office@socar-petroleum.azaz
"Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması
bizim xalqımızın xoşbəxtliyidir"

Ümummilli Lider Heydər Əliyev

“SOCAR PETROLEUM” QSC-də üz ağardan “qara qızıl” keyfiyyəti

1988-ci ilin avqustunda Berta Benz (Bertha Benz) həyat yoldaşı Karl Benzin ən son ixtirası olan avtomobili ondan xəbərsiz götürərək, Almaniyanın Manhay şəhərindən 100 km-lik məsafədə yerləşən digər bir şəhərə – Forzayma yola düşür. Bu təcrübə tarixə avtomobillə ilk uzun məsafəli səyahət kimi düşür. Avtomobillərin inkişafına təkan verən bu hadisə ilə xanım Benz öz həyat yoldaşına etdiyi ixtiranın kommersiya potensialını da sübut etmiş olur. Lakin xanım Benzin tarixə töhfəsi bununla yekunlaşmır. Səyahət zamanı Benz avtomobilini Visloxda (Wiesloch) əczaçı dükanlarından birinin qarşısında saxlayaraq, yanacaq doldurur. Bu gündən etibarən, sözügedən əczaçı dükanı tarixdə ilk yanacaq doldurma məntəqəsi (YDM) hesab olunur. Günü bu gün də Visloxa səhayət edənlər burada bu tarixi hadisənin şərəfinə ucaldılan abidəni görə bilərlər.
Hələ o vaxt, “pioner” sürücülər avtomobillərin hərəkətliliyini təmin etmək üçün kreativ yollar axtarıb tapmalı idilər. Avtomobillərin kəşfinin ilk onilliklərində yanacağı yalnız əczaçı dükanlarından barellə almaq mümkün idi. 20-ci əsrdən etibarən isə YDM-lər geniş yayılmağa başladı. Bu gün YDM-lər avtomobillərin əsas “qida mənbəyi” olmaqla, istehlakçılar üçün qlobal enerji sənayesinin ən ayrılmaz parçasıdır.
Bu gün dünyanın ən böyük neft-qaz şirkətləri YDM vasitəsilə istehlakçılara satış həyata keçirirlər. Avropa bazarında YDM-in böyük hissəsi “Shell”, “Total”, “BP”, “Esso”, “ENİ”, “Orlen”, “AVİA”, “OMV”, Lukoil”, “Statoil” kim neft-qaz şirkətlərinın payına düşür. Ölkələrə gəlincə, bu TOP brendlərə məxsus YDM-lər, əsasən, İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İspaniya, Yunanıstan, Polşa və digər ölkələrdə fəaliyyət göstərir.
Ölkəmizdə də YDM-in sayı günbəgün artır. Müxtəlif şirkətlərə məxsus bu YDM-in 25-i “SOCAR PETROLEUM” QSC-nin payına düşür. Azərbaycan ərazisində neft məhsullarının alqı-satqısının təşkil edilməsi və beynəlxalq standartlara uyğun, keyfiyyətli təchizat xidmətinin həyata keçirilməsi məqsədilə 2008-ci ildə təsis edilmiş şirkət, “SOCAR” brendi altında, YDM-lər istifadəyə verir. Şirkətin ilk yanacaqdoldurma məntəqəsi 2010-cu ilin mayın 7-də açılıb. Bundan başqa, şirkətin 12 neft terminalı bazası var ki, bu terminalların 11-i regionlarda, biri isə Bakıda fəaliyyət göstərən 1 saylı Bakı Neft Terminalı Bazasıdır. Regionlarda yerləşən YDM-lər birbaşa burada fəaliyyət göstərən “SOCAR PETROLEUM” QSC-ə məxsus neft terminalı bazalarından, Bakıdakı YDM-lər isə 1 saylı Bakı Neft Terminalı Bazasından lazımi qədər məhsul əldə edərək, tələbatlarını ödəyə bilirlər. Qeyd edək ki, “SOCAR”a məxsus YDM-də satışı həyata keçirilən yanacağın 92%-i yerli istehsal, 8-%- isə idxal hesabına əldə olunur. Başqa sözlə, YDM-də satılan “A-92” və “DİZEL” yanacağı Heydər Əliyev adına Bakı Neft Emalı Zavodundan alınır. “SUPER” və “Premium” markalı yanacaq isə idxal olunur.
Yuxarıda qeyd etdiyimiz kimi, nəinki, “SOCAR”a məxsus, eləcə də, digər adla fəaliyyət göstərən YDM-lər “A-92” və “DİZEL” yanacağını eyni mənbədən – Heydər Əliyev adına Bakı Neft Emalı Zavodundan alırlar. Alınan məhsulun ünvanının eyni olmasına baxmayaraq, keyfiyyət baxımından ölkə ərazisində fəaliyyət göstərən YDM-dəki məhsul fərqlidir. Buna isə birbaşa məsulun saxlanma şəraiti təsir göstərir.“SOCAR PETROLEUM” QSC-ə məxsus YDM-dəki bütün yanacaq növləri hər ay Standatlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Neft-qaz və neft-kimya məhsullarının sınaq laboratoriyasında yoxlanılır və nəticə göstəriciləri ilə bağlı sınaq protokolu təqdim edilir. Beləliklə, yanacaq növlərinin keyfiyyətinə, mütəmadi olaraq, səlahiyyətli dövlət qurumları tərəfindən aparılan laboratoriya sınaqları vasitəsilə nəzarət olunur. Bundan başqa, “SOCAR” yanacaqdoldurma məntəqələrinin yeraltı əmtəə çənləri, təsdiq olunmuş qrafikə uyğun olaraq, ildə iki dəfə xüsusi qurğular vasitəsilə təmizlənir. Buna görədir ki, “SOCAR” YDM-də satışa çıxarılan məhsul digər YDM-lə müqayisədə keyfiyyətinə görə fərqlənir.
YDM-də satılan yanacağın ekoloji standartlara cavab verməsinə gəlincə, yerli istehsal olan “A-92” və “DİZEL” yanacağı “AVRO-3” ekoloji standartlarına bərabər tutulur. İdxal olunan “SUPER” yanacaq “AVRO-5”, “Premium” isə “AVRO-4” ekoloji standartına malikdir. Ümumiyyətlə, SOCAR YDM-də “A-92” markalı benzin və “DİZEL” yanacağına tələbat daha çoxdur. Çünki yük avtomobilləri, taksilər və avtobusların əksəriyyəti bu markalı yanacaqdan istifadə edir. “SUPER” markalı benzinlə isə əsasən ölkəyə yeni gətirilən, ən müasir texnologiya ilə təmin olunan minik avtomobilləri işləyir. Bu benzin yüksək ekoloji standartlara uyğun avtomobillərin istifadəsi üçün nəzərdə tutulub. “SUPER” markalı yanacağın hazırlanması zamanı yüksək oktanlı məhsullardan istifadə edilir və buna görə də, o, ekoloji baxımdan təmizdir. Son illər ölkəmizə Avropa, Amerika və Yaponiyadan gətirilən avtomobillər məhz “SUPER” markalı benzinlə çalışır.
Son dövrlərdə ölkənin avtomobil parkında müasir avtomobillərin artması müştərilərin də bu nəqliyyat vasitələri üçün nəzərədə tutulan yanacağa tələbini artırıb. Bu baxımdan, “SOCAR PETROLEUM” QSC, öz inkişaf strategiyasına sadiq qalaraq, müştərilərə xidmət səviyyəsinin daim yaxşılaşdırılmasına, göstərilən xidmət çeşidinin genişləndirilməsi və şərtlərinin optimallaşdırılmasına xüsusi önəm verir. Bu məqsədlə “SOCAR PETROLEUM” QSC müştəriləri düşünərək və onlara daha əlverişli xidmətlərin göstərilməsi məqsədilə “Avro-5, SUPER” markalı yanacağın satış dairsini genişləndirib. Bu yanacaq növünün satışı əvvəllər dar çərçivədə həyata keçirilirdi. Artıq böyük müştəri kütləsinin “SUPER” markalı yanacağa olan tələbatını nəzərə alaraq, şirkət cari ilin sentyabr ayının 20-dən etibarən ölkənin 7 müxtəlif ünvanda fəaliyyət göstərən “SOCAR” brendli YDM-də bu yanacaq növünü müştərilərinə təklif edir. Qeyd edək ki, “SUPER” markalı benzini ölkəyə yalnız SOCAR gətirir və yanacağın qiyməti bir litr üçün 1.50 AZN təşkil edir.
Müştərilər “SUPER” markalı yanacağı Bakı şəhərindəki aşağıdakı YDM-dən əldə edə bilərlər:
1 – H.Əliyev adına beynəlxalq hava limanına gedən yolun sağ tərəfi (keçmiş Sabunçu dairəsi yaxınlığı);
2 – Bibiheybət məscidinin yaxınlığı, yolun sağ tərəfi;
3 – Bakı-Quba yolunun 28-ci km-də, yolun sağ tərəfi;
4 – H.Əliyev adına beynəlxalq hava limanından gələn yolunun sağ tərəfi (Bakı Olimpiya Stadionunun yaxınlığı);
5 – Babək prospektindən mərkəzə gələn yolun sağ tərəfi;
6 – Ziya Bünyadov prospekti;
7 – Nobel prospekti.
Sonda onu da bildirək ki, “SOCAR PETROLEUM” QSC-nin başlıca məqsədi öz fəaliyyətində yüksək keyfiyyətli xidməti təmin edən mütərəqqi texnologiya işləmələrinin tətbiqinə böyük sərmayələr yatırmaqla, əhaliyə “Avro-3” standartının tələblərinə uyğun, neft məhsullarının satışını təşkil və təmin etməkdir. Şirkət, bundan sonra da, ölkə hüdudları daxilində inkişaf etməkdə olan nəqliyyat infrastrukturuna günün tələbi səviyyəsində hərtərəfli xidmət göstərmək, YDM şəbəkəsinin əhatə dairəsini genişləndirmək və bu sahəni inkişaf etdirmək üçün böyük həcmli sərmayə qoyuluşları həyata keçirəcək.

Facebook
Facebook
YouTube
YouTube
Instagram